Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Məkarim Şirazinin XXI beynəlxalq məhdəviyyət konfransına ünvanladığı müraciətin tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
İlk növbədə, həzrət İmam Zamanın (ə.f) mübarək adı ilə nurlanmış bu konfransın bütün təşkilat və iştirakçılarına təşəkkür və minnətdarlığımı bildirirəm. Ümidvaram ki, bu proqram qarşıya qoyduğu məqsəd və niyyətlərə nail olacaq. İslam cəmiyyətində məhdəviyyət mədəniyyətinin tanıdılması və yayılması istiqamətində faydalı bir addım olacaqdır.
Xilaskarın zühuruna etiqad yalnız müsəlmanlara məxsus olmayıb, digər səmavi dinlərin ardıcılları da bu inanca sahibdirlər. Lakin bu düşüncə heç bir məktəbdə Əhli-beyt (ə) məktəbində olduğu qədər diqqət mərkəzində olmamış və fundamental bir ideya kimi təqdim edilməmişdir.
Məhdəviyyət düşüncəsi və xilaskara ehtiyacın zəruriliyi, imamət məqamının davamlılığını və onun insan cəmiyyətində mövcud olmasının labüdlüyünü ifadə edir. Çünki imam olmadan hidayət yolu itir və insanlar səadətə çatmaqda zərər və təhlükələrlə üzləşirlər. Məhz bu səbəbdən imamın məqamına etiqad və imamətə inam şiəliyin ən mühüm göstəricisi hesab edilə bilər.
Bu gün dünyada şahidi olduğumuz zülm, haqsızlıq və xaos, bəlkə də öz növbəsində misilsizdir və bunun ən əsas amili, xüsusilə də bu bölgədə, qeyri-qanuni və zalım sionist rejimin və onun himayədarlarının mövcudluğudur.
Qəzza və Livanda baş verən acı faciələr, eləcə də müstəqil ölkəmizə qarşı hücumlar heç kəsə gizli deyil. Şübhəsiz ki, bizi bu qaniçən rejim qarşısında möhkəm və dözümlü edən amil, bütün bəşəri güclərdən üstün və onların mənəviyyatında olan iman və inamdır. Məhz bu inam və ümidin formalaşdırılması həqiqi intizar sahibinin yetişdirilməsi üçün zəmin yaradır.
Düşməni tanımaq, onun planlarını, hiylə və nüfuz yollarını bilmək, onların xilaskarın zühuruna olan iman nurunu söndürmək və intizar mədəniyyətini aradan qaldırmaq istiqamətindəki cəhdlərini uğursuzluğa düçar edir.
Şübhəsiz ki, zühur fenomeninin müxtəlif tərəflərinə, o cümlədən fərəcin intizarının həqiqətinə, zühura hazırlığa, məhdəviyyət dəyərlərinə bağlı hökumətin xüsusiyyətlərinə və ümumilikdə bu mövzuda şiələrin, eləcə də ümumi şəkildə müsəlmanların bəsirət və maarifini artıran hər bir məsələyə diqqət yetirmək dəyərli və təqdirəlayiq bir fəaliyyətdir.
Bu konfransın bütün təşkilatçılarına və möhtərəm iştirakçılarına bir daha təşəkkürümü bildirərək, uca Allahdan İran İslam Respublikasının təhlükəsizliyini və ucalığını, əziz xalqımızın sağlamlıq və rifahını diləyirəm və ümidvaram ki, zühura qədər bu diyar həzrət İmam Zamanın (ə.f) aşiq və gözləyənləri, eləcə də şiələri üçün möhkəm bir dayaq və mərkəz olaraq qalacaqdır.
Allahın rəhmət və bərəkəti üzərinizə olsun
Qum — Ayətullah üzma Məkarim Şirazi
01.02.2026
Rəyiniz